İngiltərənin “Hall Siti” klubunun sol vingeri Ceyden Filocin cəmi bir illik fasilədən sonra yenidən “Aston Villa”ya qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, “Aston Villa” ötən ilin yayında 5,8 milyon avroya “Hall Siti”yə satdığı yetirməsini bu il 16 milyon avro ödəməklə heyətinə qaytarıb. 22 yaşlı vingerlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Qeyd etdiyimiz kimi, Ceyden Filocin məhz “Aston Villa”nın yetirməsidir. Əslən Dominikandan olan ingiltərəli futbolçu vaxtilə “Aston Villa”nın əsas komandasında 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu klubda olarkən “Kardiff Siti” və “Stok Siti”də icarədə də oynayıb. Ötən mövsüm isə Filocin “Hall Siti”nin heyətində meydana çıxdığı 32 oyunda 12 qol vurub, 6 assist müəllifi olub.
İngiltərənin U-19, U-20 və U-21 yığmalarında oynamış Filocinə əsas millidə debüt qismət olmayıb.
“Aston Villa” bir qapıçısını satdı, digərini icarəyə verdi
“Aston Villa” qapıçısı Vilyami Sinisalonu Şotlandiyanın “Seltik” klubuna satdığını da açıqlayıb. Klub bu satışdan 1,2 milyon avro qazanıb. 22 yaşlı finland qolkiper yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
“Honka” və “Espoo” klublarının yetirməsi olan Sinisalo “Aston Villa”ya 2018-ci ilin iyul ayında cəlb edilib. İngiltərə klubunun əsas komandasında debüt şansı qazanmayan qapıçı “Er Yunayted”, “Barton Albion” və “Eksete Siti” kimi komandalarda icarədə oynayıb. Finlandiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Sinisalo əsas millidə 3 oyun keçirib.
“Aston Villa” digər qapıçısı Filipp Marşalı da “Kryu Aleksandra”ya icarəyə verib. 21 yaşlı ingilis qolkiper “Aston Villa”nın öz yetirməsidir. O, daha öncə “Geytshed”, “Milton Kins Dons” kimi klublarda da icarədə oynayıb. “Aston Villa”nın əsas komandasında 1 oyun keçirmiş qapıçı İngiltərənin U-19 yığmasında da oynayıb.
Çeymbersin yeni klubu bəlli oldu
Bir neçə gün öncə “Aston Villa”dan azad agent kimi ayrılmış mərkəz müdafiəçisi Kalum Çeymbers də “Kardiff Siti”yə keçib. 29 yaşlı ingilis futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Kalum Çeymbers “Aston Villa”ya 2022-ci ilin yanvar ayında “Arsenal”dan azad agent kimi gəlmişdi. Müdafiəçi bu komandanın heyətində 36 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Çeymbers daha öncə “Arsenal”, “Fulhem”, “Midlsbro”, “Sauthempton” kimi klublarda da forma geyinib. İngiltərənin U-17, U-19 və U-21 yığmalarında oynamış müdafiəçi əsas millidə də 3 oyun keçirib.


