Ceyson Stil “Brayton”la yeni müqavilə bağladı

“Brayton” klubu komandanın ingilis qapıçısı Ceyson Stil ilə razılıq əldə edərək, müqaviləsini yeniləməyə müvəffəq olub.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Stilin “qağayılar”la yeni müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. “Brayton”un baş məşqçisi Roberto De Zerbi qapıçı ilə razılıq əldə edilməsini sevinclə qarşılayıb:

“Ceyson üçün çox şadam. O, əla oyunçudur. Onun münasibəti, liderliyi və hər gün bu kluba gətirdikləri burada işlədiyi müddətdə bizim tərəqqimizin böyük bir hissəsi olub”, deyə De Zerbi bildirib.

Ceyson “Brayton”a 2018-ci ilin iyulunda azad agent qismində “Sanderlend”dən keçib.

Ümumilikdə Stil “qağayılar”ın heyətində 39 oyuna 52 qol “yeyib”, 14 oyundan “quru” qurtulub. Cari mövsümdə Stil 9 oyuna 17 qol buraxıb, cəmi 1 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Ceyson Stil İngiltərənin U-17, U-19, U-21 yığmalarında oynayıb, U-20 yığmasına və Böyük Britaniya Olimpiya komandasına dəvət alsa da, oyun keçirməyib.

“Transfermarkt” internet-portalı 33 yaşlı Ceyson Stili 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: