Çezare Kasadey və Dieqo Moreyra yenidən “Çelsi”də

“Çelsi”nin icarəyə verdiyi iki futbolçu – Çezare Kasadey və Dieqo Moreyra yenidən İngiltərə klubunun düşərgəsinə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kasadey “Lester Siti”də icarədə idi. 21 yaşlı yarımmüdafiəçi ötən ilin yayında bu kluba icarəyə verilmişdi. Lakin lesterlilər Kasadeyi heyətdə saxlamaq istəməyiblər. Buna görə də o, “Çelsi”yə qayıdıb. Hazırda Kasadeyin mövsümün sonuna qədər “Çelsi”də qalacağı, yoxsa başqa kluba icarəyə göndəriləcəyi məlum deyil.

Çezare Kasadey 2022-ci ilin avqustunda 14,86 milyon avroya “İnter”dən “Çelsi”yə keçib. O, bu mövsüm “Lester Siti”nin heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. İtalyan futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimi qüvvədədir.

Kasadey “Çelsi” tərəfindən daha öncə “Ridinq”ə də icarəyə verilmişdi.

“Çelsi” gənc hücumçusu Dieqo Moreryanı da Lion “Olimpik”indən icarədən geri çağırıb. İngiltərə və Fransa klubları arasındakı icarə müqaviləsinə xitam verildiyi açıqlanıb. “Zadəganlar” Moreyranın da gələcək aqibəti haqda hələ qərar qəbul etməyiblər.

Dieqo Moreyra Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. O, “Çelsi”yə 2023-cü ilin yayında qoşulub. Portuqal hücumçunun London klubu ilə cari müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Moreyra mövsümün geridə qalan hissəsində Lion “Olimpik”inin heyətində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. O, “Çelsi”nin əsas komandasında 1 oyun keçirib.

19 yaşlı Moreyra hazırda Portuqaliyanın, 21 yaşlı Kasadey isə İtaliyanın U-21 yığmasının üzvüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: