Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Çezare Prandelli məşqçilik karyerasını başa vurduğunu elan edib. Arena.az xəbər verir ki, 65 yaşlı italiyalı məşqçi bu qərarını ölkəsinin mətbuatına açıqlamasında bildirib.
O, bundan sonra ailəsinə daha çox vaxt ayırmaq istədiyini deyib: “Futbolla vidalaşmağın vaxtıdır. Bundan sonra zamanımı ailəmə və nəvələrimə sərf etmək istəyirəm. Vaxtımın əsas hissəsini onlarla parkda keçirəcəyəm”.
Çezare Prandelli son olaraq 2020/21 mövsümündə “Fiorentina”ya rəhbərlik edib. O, daha öncə ölkəsində “Cenoa”, “Roma”, “Parma”, “Venetsiya”, “Verona” və “Leççe” komandalarının da baş məşqçisi olub. Təcrübəli mütəxəssis Türkiyənin “Qalatasaray”, İspaniyanın “Valensiya”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” komandalarını da çalışdırıb. 2010-2014-cü illər aralığında isə Prandelli İtaliya milli komandasında baş məşqçilik edib.


