“Latsio”nun italyan hücumçusu Çiro İmmobile “qartallar”ın düşərgəsini tərk etmək üçün heç bir səbəb görmədiyini bildirib.
Arena.az xatırladır ki, daha əvvəl futbolçunun, “Napoli”nin argentinalı hücumçusu Covanni Simeonenin qarşılığında Neapola yollana biləcəyi bildirilirdi.
“Dediyim kimi, “Latsio” ilə müqaviləmin bitməsinə iki il qalıb və mən burada xoşbəxtəm. Ailəm məskunlaşıb və mən ayrılmaq üçün heç bir səbəb görmürəm. Açığı, belə bir mövsümdən sonra çoxlu suallar və tənqidlər olur”, deyə İmmobile vurğulayıb.
Xatırladaq ki, “Latsio” İtaliya A Seriyasının cari mövsümündə 37 oyuna 60 xal toplayıb və 7-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi 18 qələbə qazandığı halda 6 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komandanın mövsümün gedişində belə qeyri-sabit çıxışı fonunda əsas tənqid hədəflərindən biri də məhz İmmobile olub.
Çiro İmmobile 2016-cı ilin iyul ayından “Latsio”nun uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 42 oyunda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. İmmobile bu komandanın heyətində bütövlükdə 339 oyuna çıxıb. Təcrübəli forvard bu matçlarda 207 qola imza atıb, 54 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli forvard “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Çiro karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da forma geyinib.
İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


