ÇL: “Azərreyl” üçün “Radniçki”

Azərbaycanın kişi voleybolçularından ibarət “Azərreyl” komandasının Çempionlar Liqasının yeni mövsümündəki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu gün voleybol üzrə Çempionlar Liqasının, CEV kubokunun və “Challenge Cup” yarışının püşkatma mərasimi keçirilib.

Lüksemburqda baş tutmuş tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının da rəqibləri bəlli olub.

Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki komanda təmsil edəcək. Kişilərdən ibarət “Azərreyl” Çempionlar Liqasında, “Xilasedici” komandası isə “Challenge Cup”-da mübarizə aparacaqlar.

Çempionalar Liqasında debüt edəcək Azərbaycan çempionu yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Serbiyanın “Radniçki” klubu olacaq. Cütün ilk oyunu 21-23 oktyabr, cavab matçı isə 28-30 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək “Xilasedici” klubu isə Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: