Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gəlib.
Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutub. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib.
Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start vermişdi. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlmişdi. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürmüşdü – 2:0.
“Atletik” isə ÇL-in Liqa mərhələsində keçirdiyi hər iki oyundan xalsız ayrılmışdı. La Liqa təmsilçisi ilk turda evdə “Arsenal”a (İngiltərə) 0:2, ikinci turda isə səfərdə Dortmund “Borussiya”sına (Almaniya) 1:4 hesabıyla uduzmuşdu.
Elə bu oyunda da hesabı Azərbaycan çempionu açıb. Leandro Andrade ilk dəqiqədə fərqlənməklə ispan azarkeşləri şoka salıb. Amma ruhdan düşməyən “Atletik” fasilə ərəfəsində hesabı bərabərləşdirib. İkinci hissədə daha iki qol vurmuş İspaniya təmsilçisi yekunda əzmkar qələbəni bayram edib.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsindəki növbəti oyununu noyabrın 5-də evdə İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
“Atletik” – “Qarabağ” 3:1
Qollar: Qorka Quruseta, 40; 88. Robert Navarro, 70 – Leandro Andrade, 1.
Hakimlər: İqor Payaç, Boyan Zobenitsa, İvan Mixali, Zdenko Lovriç (hamısı Xorvatiya).
VAR: İvan Bebek (Xorvatiya).
AVAR: Fedayi San (İsveçrə).
Bilbao. “San Mames” stadionu. Saat 20:45.
Atletik: 1. Unai Simon, 2. Andoni Qorosabel, 4. Aytor Paredes, 8. Oyhan Sanset, 9. İnyaki Uilyams (k), 10. Niko Uilyams, 11. Qorka Quruseta, 14. Emerik Lyaport, 17. Yuri Berçiçe, 18. Mikel Xaureqizar, 39. Alexandro Reqo.
Ehtiyat oyunçular: 27. Aleks Padilya, 3. Daniel Vivian, 6. Mikel Vesqa, 7. Aleks Berencer, 12. Xesus Areso, 15. İnyiqo Lekue, 16. Ruis De Qalarreta, 19. Adama Boyro, 20. Unai Qomes, 21. Maroan Sannadi, 22. Niko Serrano, 23. Roberto Navarro.
Baş məşqçi: Ernesto Valverde.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.


