Türkiyənin “Hatayspor” klubu heyətini 3 yeni futbolçu – Lamin Diak, Funşo Bamqboye və Conatan Okoronkvo ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lamin Dick Fransanın “Nant” klubundan satınalma şərti ilə 1 illik icarəyə götürülüb.
Türkiyədə daha öncə “Ankaragücü” və “Tuzlaspor”un da formasını geyinmiş Diak, karyerasına Albaniyanın “Şkupi” klubunda başlayıb. Seneqaldan olan 23 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm “Kolorado Rapids”də də icarədə olub. O, “Nant”ın əsas komandasında cəmi 1 oyuna çıxıb.
Funşo Bamqboye Rumıniyanın “Rapid” klubundan azad agent kimi “Hatayspor”a keçib. Nigeriyalı sağ vinger Super Liqa təmsilçisi ilə 2+1 illik müqavilə bağlayıb. 2023-cü ildən “Rapid”də çıxış edən 25 yaşlı hücumçu daha öncə Macarıstanda “Haladaş” və “Fehervar”ın da formasını geyinib, Nigeriyanın U-17 və U-20 yığmalarında oynayıb.
Conatan Okoronkvo isə Rusiyanın “Krasnodar” klubundan 800 min avroya transfer olunub. 20 yaşlı nigeriyalı forvardla 3 illik müqavilə imzalanıb. Gənc hücumçu “Krasnodar”dan başqa “Botev” (Plovdiv) və “Arsenal” (Tula) klublarında da forma geyinib.
“Hatayspor”da 3 yeni müqavilə, 3 ayrılıq
“Hatayspor” bir neçə futbolçusu ilə də yeni müqavilə imzalayıb. Riqoberto Rivasla 2+1 illik müqavilə imzalanıb. Demir Sarıcalı 2 illik yeni müqaviləyə imza atıb. Burak Yılmazla da 1+1 illik sözləşmə imzalanıb.
Hatay təmsilçisi üç futbolçusu ilə də yollarını ayırıb. Gürcüstandan olan mərkəz yarımmüdafiəçisi Georgi Aburcaniya Portuqaliyanın “Avs” klubuna keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Gürcüstan millisinin üzvü Hatay təmsilçisinin heyətində 21 oyun keçirib, 1 assistlə yadda qalıb.
Əslən Əlcəzairdən olan fransalı mərkəz yarımmüdafiəçisi Mehdi Budjema da azad agent kimi “Çorum”a keçib. 26 yaşlı futbolçu Türkiyə klubu ilə 2 illik müqaviləyə imza atıb. O, Hatay klubunun heyətində 68 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.
Kamerunlu sol vinger Didye Lamkel Ze də “Hatayspor”dan ayrılıb. 26 yaşlı futbolçu azad agent kimi bu klubdan ayrılıb və hazırda özünə yeni klub axtarır. Kamerun millisinin də üzvü olan Lamkel Ze, “Hatasypor”da 16 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.


