Cordan Henderson “Ayaks”da – Rəsmi

“Liverpul”un 33 yaşlı sabiq veteranı, ingilis yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, o, bundan sonrakı karyerasını Niderland nəhəngi “Ayaks”da davam etdirəcək.

Bu barədə Amsterdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Onun yeni klubuna azad agent kimi keçdiyi vurğulanır.

Daha əvvəl, mətbuatda Hendersonun Səudiyyə Ərəbistanındakı yaşayış şəraitindən narazı olduğu barədə məlumat yayılmışdı. Henderson çöldə yüksək hərarət və yüksək rütubətin olmasını əsas gətirərək, müvafiq iqlimdən xoşlanmadığını bildirmişdi. Eləcə də o, “Əl-İttifaq”ın oyunlarında tamaşaçı sayının azlığından gileyli idi.

Cordan Henderson 2023-cü ilin iyun ayında 12 illik “Liverpul” karyerasını sonlandıraraq 14 milyon avro müqabilində “Əl-İttifaq”a keçmək qərarını vermişdi. İngilis futbolçunun bu klubla 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsi var idi. Henderson “Əl-İttifaq”da cəmi 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Henderson 2011-ci ildən 2023-cü ilə qədər “Liverpul”da çıxış edib. İngilis yarımmüdafiəçi buna qədər “Sanderlend”də oynayıb, qısa müddət “Koventri”də icarədə olub. Hendersonun futbolçu karyerasının əsas hissəsi məhz “Liverpul”un adı ilə bağlıdır. Bu müddət ərzində Henderson “Liverpul”la 8 kubok qazanıb və maraqlıdır ki, bu qənimətlərdən 7-ni məhz komandanın kapitanı olaraq əldə edib. Bunlara İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2021/2022), İngiltərə Futbol Liqası Kuboku (2011/2012, 2021/2022), İngiltərə Super Kuboku (2022), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019), FIFA Klub Dünya Kuboku (2019) daxildir.

Yarımmüdafiəçi İngiltərə Kubokunun (2011/2012), İngiltərə Futbol Liqası Kubokunun (2015/2016), Çempionlar Liqasının (2017/2018, 2021/2022), Avropa Liqasının (2015/2016) finalçısı olub.

Henderson “qırmızılar”ın heyətində ümumilikdə 492 oyuna çıxıb, 33 qol vurub, 61 məhsuldar ötürmə verib.

İngiltərə yığması ilə Henderson Avropa çempionatının (2020) gümüş, UEFA Millətlər Liqasının (2018/2019) bürünc mükafatçısı olub. Henderson İngiltərə yığmasının heyətində 2010-cu ildə Fabio Kapellonun rəhbərliyi altında dübüt edib və bu müddətdə 77 oyuna çıxıb, 3 qol vurub.

Cordan 2021-ci ildə “Britaniya İmperiyası” ordeni ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: