Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 33-cü turu çərçivəsində “Ərzurumspor”la qarşılaşıb.
Coşqunun komandası səfərdə baş tutmuş bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.
Diniyev bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb. O, bu oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 8 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 48 xalla Birinci Liqanın yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 33 oyunda 12 qələbə qazanıb, 12 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.


