Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Çorum” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 34-cü turu çərçivəsində “Manisa” ilə qarşılaşıb.
Coşqunun komandası doğma meydanda baş tutmuş bu qarşılaşmadan qələbə ilə ayrılıb – 3:2.
Diniyev bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb. O, bu oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 9 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 51 xalla Birinci Liqanın yarış cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 34 oyunda 13 qələbə qazanıb, 12 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.
Vüsal İsgəndərlidən məhsuldar ötürmə
Bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası – “Boluspor” da növbəti matçına çıxıb. Bolu təmsilçisi səfərdə “Ankaragücü” ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib – 2:2.
İsgəndərli qarşılaşmanın ilk dəqiqələrindən meydanda olub və 90+8-ci dəqiqədə zədələnərək əvəzlənib. Azərbaycanlı futbolçu komandasının 28-ci dəqiqədə vurduğu ilk qol zamanı məhsuldar ötürmə müəllifi olub.
“Boluspor” 34 oyuna topladığı 49 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 13 qələbə qazanıb, 10 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 35 matça çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.



