Coşua Kinq “Fənərbaxça” ilə vidalaşdı

Futbol üzrə Norveç millisinin və Türkiyənin “Fənərbaxça” klubunun sol vingeri Coşua Kinq Super Liqa təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti bitdiyi üçün, Kinq Türkiyəni tərk edib. O, sosial şəbəkə hesabında İstanbul təmsilçisi və tərəfdarları ilə vidalaşıb.

Xatırladaq ki, Coşua Kinq “Fənərbaxça”ya 2022-ci ilin iyul ayında İngiltərənin “Uotford” klubundan Norveçli oyunçu ilə həmin vaxt 2 illik müqavilə bağlamışdı. 32 yaşlı vinger bu yay azad agent kimi özünə yeni iş yeri axtarmalı olacaq.

Kinq “Fənərbaxça”nın heyətində bütövlükdə 54 oyunda meydana çıxıb. O, bu görüşlərdə 12 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Coşua Kinq “Mançester Yunayted”in yetirməsi olsa da, bu komandada oynamayıb. O, həmin dövrdə “Preston”, “Borussiya” (Mönhenqladbax), “Hall Siti” və “Blekbörn Rovers” klublarına icarəyə verilib. 2013-cü ildə “Blekbern Rovers” onu birdəfəlik transfer edib. Daha sonra “Bornmut” və “Everton”da da çıxış edən norveçli forvard, 2021-ci ildə “Uotford”la müqavilə bağlayıb.

Təcrübəli futbolçu 2012-ci ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasında 62 oyun keçirib. O, bu oyunlarda 20 qola imza atıb, 9 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 32 yaşlı futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: