Rusiyanın ÇSKA (Moskva) klubunun azarkeşi Vyaçeslav Neçiporçuk Türkiyənin İstanbul şəhərinin mərkəzində öldürülüb.
Arena.az xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi İstanbul Polis İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Çempionlar Liqasının finalında iştirak etmək üçün Türkiyəyə gəlmiş 40 yaşlı kişi ürəyindən bıçaqlanıb. Ehtimalların birinə görə, rusiyalı telefonunu zorla almaq istəyən dörd quldura müqavimət göstərib. Hadisənin şahidləri polisə məlumat verərək tibbi yardım çağırsalar da, Neçiporçuk aldığı xəsarətlərdən xəstəxanada keçinib.
İxtisasca hüquqşünas olan Vyaçeslav Neçiporçuk cümə günü şəhərə iş məqsədi ilə gəlibmiş. Mərhum eyni zamanda dostları ilə UEFA Çempionlar Liqasının finalında iştirak etməyi şərtləşib. Oyundan sonra yoldaşlar istirahətə gediblər. Vyaçeslava hücum bazar günü səhər tezdən otelə gedərkən baş verib. Bu gün o, yenidən Moskvaya uçmalı idi. Neçiporçukun həyat yoldaşı və iki yaşlı qızı var.
Hücum edənlərdən bəzilərinin artıq saxlanıldığı, qalanlarının axtarışlarının davam etdiyi bildirilir. Rusiya Baş Konsulluğu bu məsələdə Türkiyə polisi ilə fəaliyyətini uzlaşdırır.


