Cud Bellingem 2 oyunluq cəza aldı

Madrid “Real”ının mərkəz yarımmüdafiəçisi Cud Bellingem La Liqa çərçivəsində 2 oyunluq diskvalifikasiya ilə üzləşib.

Arena.az xəbər verir ki, ingilis futbolçu La Liqanın 27-ci turu çərçivəsində “Valensiya” ilə səfər oyununda (2:2) baş vermiş qalmaqallı məqam sonrasında birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib.

Mənbənin məlumatına görə, Bellingem “hakimlərə, idarəçilərə və ya idman orqanlarına hörmətsizlik və ya diqqətsizlik münasibətinə görə” cəzalandırılıb.

Xatırladaq ki, həmin oyunda 0:2 hesabı ilə geridə olan “Real” əvvəlcə tarazlığı bərpa etmiş, ardınca isə oyunun son saniyələrində 3-cü qolu meydan sahiblərinin qapısına göndərmişdi. Məhsuldar ötürmə zamanı top havada hərəkətdə və qapı xəttini keçdiyi anda isə oyunun baş hakimi Xesus Xil Mansano oyunun bitdiyini elan edən final fitini səsləndirməklə, böyük bir biabırçılığa yol vermişdi. Hamının bir anlıq çaşqınlığa qapıldığı bir məqamda “Real”ın futbolçuları baş hakim Xesus Xil Mansanonu araya alaraq onunla mübahisə etməyə başlamışdılar. Bellingem isə qeyzlənərək: “Bu, biabırçılıqdır! Top axı havada idi, bu, lənətəgəlmiş qoldur! Nə edirsən?”, deyə hakimə təpinmişdi. Mansano isə qərarına etiraz edən qolun müəllifi Cud Bellingemə birbaşa qırmızı vərəqə göstərmişdi.

Bellingem cəzalandırılması ilə qərara münasibətini açıqlayıb:

“Baş verənlər hakim və onun fit verməsi qərarı ilə bağlıdır. Unutmamalıyıq ki, o, insandır, amma mən də insanam. Hərəkətlərimi qiymətləndirmək üçün daha sağlam düşüncədən istifadə etməliyəm. Mən təhqiredici heç nə deməmişəm, sözlərim komanda yoldaşlarımın dediklərindən fərqlənmirdi. Amma öz əməllərimə görə məsuliyyət daşıyıram. Mən onlarla fəxr etmirəm, amma iki oyun qadağasının gülünc olduğunu düşünürəm. Əgər cəza belə qalsa, mən bu məsuliyyəti qəbul etməliyəm. Onda “Real”ı tribunadan dəstəkləyəcəm”, – “Marca” nəşri Bellingemdən sitat gətirir.

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti isə qərarı ədalətsiz hesab edir:

“Biz Bellingemin iki oyunluq cəzasına etiraz edəcəyik. Biz bunu ədalətsizlik hesab edirik”, – jurnalist Fabrizio Romano Karlo Ançelottidən sitat gətirir.

Xatırladaq ki, daha əvvəl sözügedən qalmaqallı oyunun baş hakimi Xesus Xil Mansano müvəqqəti olaraq işindən kənarlaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: