Cud Bellingem rekordları sıraladı

La Liqanın 24-cü turunda “Jirona”ya qarşı keçirilmiş oyun (4:0) “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Bellingem bu oyunda 2 qol vurmaqla bir neçə rekorda imza atıb.

Əvvəla Cud, “Real”ın heyətində debüt mövsümündə bütün yarışlar çərçivəsində meydana çıxdığı 29-cu oyunda 20-ci qolunu vurub. Onun hesabında həmçinin 8 məhsuldar ötürmə də var.

Beləliklə, Bellingem “Real” heyətində vurduğu qolların sayına görə, bir vaxtlar “qaymaqlılar”ın heyətində çıxış etmiş həmvətəni Devid Bekhemin nəticəsini (20 qol) təkrarlayıb. Fərq budur ki, Cuda bunun üçün 29 oyun kifayət edibsə, Devidə 20 qol vurmaq üçün 155 oyun gərək olub.

İkinci bir rekord isə Bellingemin XXI əsrdə “Real”ın heyətində La Liqada ən çox qol vurmuş yarımmüdafiəçi olması ilə əlamətdardır. Bellingem yeni əsrdə La Liqada “Real” heyətində 15 qol həddinə çatmış ilk yarımmüdafiəçisi olub. “Kral klubu”nun heç bir yarımmüdafiəçisi əsrimizdə bu nailiyyətə çata bilməyib. Hazırda Cudun hesabında 16 qol var və Bellingen La Liqanın ən sərrast futbolçusudur.

Və ən nəhayət Bellingem “Jirona”nın qapısına 2 qol vurub La Liqada 16 qola çatmaqla, “Real”ın beş sabiq futbolçusunun məhsuldarlıq rekordunu üstələyib. Cud Devid Bekhem (13 qol), Maykl Ouen (13 qol), Aryen Robben (11 qol), Uesli Sneyder (11 qol) və Mikael Laudrupun (12 qol) nəticələrini geridə qoyub.

Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 27 oyun keçirib, 2 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: