Cüdo yığmamız Poznandan 6 medalla qayıdır

Cüdo üzrə Azərbaycan millisi 15-16 apreldə Polşanın Poznan şəhərində gənclər arasında keçirilən Avropa kuboku uğrunda mübarizə aparıb. Arena.az xəbər verir ki, idmançılarımız beynəlxalq turnirdə cəmi 6 medal qazanıblar.

Halbuki, Azərbaycan bu yarışda 20 çüdoçu ilə təmsil olunurdu. Yığmamızın heyətində Polşaya 12 çəki dərəsi üzrə 15 oğlan və 5 qız cüdoçu yollanmışdı. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və millinin məşqçisi Elxan Rəcəbli rəhbərlik ediblər. Gənc qızlardan ibarət yığmaya isə məşqçi Vüqar Hüseynov başçılıq edib.

Avropa kubokunun ilk günündə 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar. Onlar yekunda 4 medal qazanıblar. Oğlanların yarışında Aydın Rzayev (-66 kq) bürünc medal əldə edib. -73 kq çəki dərəcəsi üzrə yarışan cüdoçularımızdan Qadir Hüseynov gümüş, Süleyman Əliyev isə bürünc medal qazanıblar. Nizami İmranov (-60 kq) və Nicat Nağıyev (-66 kq) yarışı 5-ci yerdə başa vurublar.

Qızların yarışında isə Nərmin Əmirli (-78 kq) bürünc medala sahib olub. Nigar Süleymanova (+78 kq) da yarışı 7-ci yerdə tamamlayıb.

Yarışın sonuncu günündə oğlanların mübarizəsində İsmayıl Zamanov (-90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar. Ömər Rəcəbli (-81 kq) və Əjdər Bağırov (-90 kq) yarışı 5-ci yerdə tamamlayıblar. Qızların mübarizəsində isə Leyla Dəmirova (-48 kq) yarışı 5-ci yerdə başa vurub.

Avropa kubokunda bütövlükdə 25 ölkədən 452 idmançı iştirak edib.

Qeyd edək ki, cüdo yığmamızın üzvləri Avropa kubokundan sonra birbaşa Bakıya qayıtmayacaq. Belə ki, cüdoçularımız 17-19 aprel aralığında Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: