CÜDO

CÜDO: Bu idman növünün yarandığı tarix 1882-ci il hesab olunur. Məhz həmin ildə Tokioda olan Eysedzi buddist məbədində 21 yaşlı Ciqaro Kano “Kodokan” adlı məktəbin təməlini qoyub.

CÜDO – başlanğıcı yaponların qədim güləş növü olan sumoya söykənən, cui-citsu (yumşaq döyüş sənəti) döyüş təliminin əsasında yaradılıb. Cui-citsu isə silahsız döyüşmək növü kimi formalaşıb.

Yumşaq döyüş sənətinin tənəzzülü dövründə Ciqaro Kano (1860-1938) onun tamamilə ölməsinə imkan verməyib. Yaponların digər məşhur döyüş sənətlərində olan müxtəlif elementləri cui-citsuda birləşdirən Kano yeni döyüş növü olan cüdonu yaradıb. Ciqaronun fikrincə, bu idman növü təkcə döyüş sənəti deyil, həmçinin milli ənənələri özündə cəmləşdirən, gündəlik həyat fəlsəfəsi olmalı idi. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər.

Artıq 1886-cı ildə bu idman növü dövlət səviyyəsində tanınaraq, Yaponiyanın hərbi və polis akademiyalarında, həmçinin bir müddət sonra orta və ali məktəblərdə tədris olunmağa başlayıb.

Üç il sonra isə Kano Fransada ilk məktəbini açaraq, bu döyüş növünün Avropaya ayaq açmasına imkan yaradıb. Tez bir zamanda bu döyüş sənəti “Köhnə Dünya”da geniş şöhrət qazanıb.

İkinci Dünya müharibəsində Yaponiyada idmanın müxtəlif növləri kimi, cüdo da durğunluq dövrünə qədəm qoyub.

1951-ci ilin iyul ayında Beynəlxalq Cüdo Federasiyası yaradılıb. Onun ilk prezidenti isə Ciqaro Kanonun oğlu Risey olub. Beş il sonra isə Tokio cüdo üzrə ilk dünya çempionatına ev sahibliyi edib və həmin turnirdə 21 ölkədən 31 idmançı qüvvəsini sınayıb. 1964-cü ildə cüdo Olimpiya oyunlarının proqramına daxil edilib.

Qadın cüdosu yaranmasına görə, Ciqara Kanonun həyat yoldaşına borcludur. Qadınlar arasında ilk dünya çempionatı 1980-ci ildə baş tutub. 12 il sonra isə qadın cüdoçular Olimpiya oyunlarında tatami üzərinə çıxıblar.

Hazırda 178 ölkə Beynəlxalq federasiyanın üzvüdür. Bu döyüş sənəti ilə Yaponiyada müntəzəm olaraq 8 milyon insan məşğul olur. Dünyada isə 20 milyondan çox insan cüdonun sirlərinə yiyələnir. Cüdo kütləviliyinə görə yalnız futboldan geri qalır.