Azərbaycanlı atlet Dəniz Cabbarlı Albaniyada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Albaniyanın Dürres şəhərində təşkil olunmuş dünya birinciliyində Azərbaycan millisinin üzvləri də mübarizə aparırlar.
Dünya çempionatına martın 25-də start verilsə də, ilk təmsilçimiz bu gün mübarizəyə qoşulub. Yığma üzvlərindən ilk olaraq körpücük üzərinə Dəniz Cabbarlı çıxıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib. Toplam 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.
Xatırladaq ki, aprelin 1-nə qədər davam edəcək ağır atletika üzrə dünya birinciliyində 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet iştirak edir. Azərbaycan millisi bu turnirə 3 atletlə yollanıb. Qarşıdakı günlərdə Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) da medal şansını yoxlayacaq.


