Dəniz Cabbarlı və Elşən Məmmədov gənclər arasında təşkil olunmuş ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin qalibi olublar.
Arena.az xəbər verir ki, bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında start götürmüş birincilikdə ilk yarış günü başa çatıb.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Toplam 215 kq (95+120) nəticə ilə Dəniz Cabbarlı qızıl medal qazanıb. 162 kq (71+91) nəticə ilə Xəyyam Allahverdiyev gümüş, 160 kq (70+90) nəticə ilə Dəniz Bağırov isə bürünc medal qazanıb.
Kişilərdən körpücük üzərinə son olaraq çəkisi 61 kq-a qədər olan atletlər çıxıblar. Toplam 240 kq (110+130) nəticə ilə Elşən Məmmədov qızıl medala yiyələnib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq (94+106) nəticə ilə Ramiz Kərimova isə bürünc medala sahib çıxıb.
Xatırladaq ki, buna qədər qadınlar arasında ölkə çempionları müəyyənləşmişdi. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanmışıdılar.
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə sabah – oktyabrın 6-da yekun vurulacaq. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində əsas məqsəd bu idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.


