Futbol üzrə Uruqvay milli komandasının sabiq müdafiəçisi Damian Suares İspaniyanın “Xetafe” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu La Liqa təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
O, bundan sonra karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli sağ cinah müdafiəçisi bu ölkənin “Botafoqo” klubu ilə anlaşıb. Tərəflər müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıblar.
Damian Suares 2015-ci ilin iyul ayından “Xetafe”nin uğurları üçün çalışırdı. O, La Liqa təmsilçisinin heyətində bütövlükdə 295 oyuna çıxıb, 4 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb.
Suares karyerası ərzində İspaniyanın “Elçe” və “Sportinq” (Xixon) klublarının da şərəfini qoruyub. Veteran futbolçunun karyerasının ilk illəri isə yetirməsi olduğu Uruqvay “Defensor”unda keçib.
Müdafiəçi vaxtilə Uruqvayın U-17 və U-20 yığmalarında oynayıb, 2022-ci ilin yanvarında isə əsas millidə debüt edib. O, Uruqvay milli komandasında bütövlükdə 7 oyun keçirib.


