İngiltərənin “Norviç Siti” komandasının baş məşqçisi Daniel Farke istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, Farkenin rəhbərliyi ilə “Norviç Siti” ilk qələbəsini ötən gün “Brentford”la matçda əldə edib – 2:1. Komanda bundan əvvəlki 10 oyundan 8-ində uduzmuş və cəmi 2 heç-heçəyə nail ola bilmişdi.
“Norviç Siti” hazırda Premyer Liqada 5 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Daniel Farke 2017-ci ildən “Norviç Siti”ni çalışdırırdı. Daha öncə Dortmund “Borussiya”sının ikinci komandasında çalışmış alman mütəxəssis, İngiltərə təmsilçisini bütövlükdə 208 matça çıxarıb. Sözügedən kollektiv bu oyunlarda 87 qələbə qazanıb, 49 heç-heçəyə razılaşıb, 72 məğlubiyyətə üzülüb.
Maraqlıdır ki, “Norviç Siti” bu ilin iyul ayında Farke ilə müqavilənin müddətini artırmışdı. 44 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi sözügedən komandanı çalışdırmalı idi. Lakin cari mövsümdəki uğursuz çıxış tərəflərin uzunmüddətli planlarını alt-üst edib.


