“Milan”ın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini icarə əsasında oynadığı “Empoli”ni A Seriyasının digər klubu “Montsa”ya dəyişib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
21 yaşlı futbolçu 2023/2024 mövsümünün sonuna kimi icarə əsasında “Empoli”nin uğurları üçün çalışmalı olsa da, o, bu klubdan erkən ayrılmağa qərar verib. Əvəzində “Milan”ın futbolçusu digər elita klubu “Montsa”ya keçib. Gənc futbolçu sözügedən klubla mövsümün sonuna kimi anlaşıb. Maraqlıdır ki, Maldininin “Milan”la da müqaviləsi elə bu mövsümün sonuna kimidir.
Xatırladaq ki, Daniel Maldini “Milan”ın və İtaliya futbolunun əfsanəsi Paolo Maldininin oğludur. Gənc futbolçu ötən mövsümü də “Spetsiya”da icarədə keçirib. O, bu komandada 20 oyuna çıxıb, 3 qol vurub. Maldini “Milan”ın əsas komandasında da 24 oyuna çıxıb və 1 qolla yadda qalıb. “Empoli”də az şans qazanan yarımmüdafiəçi cəmi 7 oyuna çıxıb və fərqlənə bilməyib. İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynamış Daniel, əsas millidə debüt şansı qazanmayıb.
Müqavilə ilə Milan “İnter”inə məxsus olan sol cinah müdafiəçisi Franko Karboni də icarədə oynadığı “Montsa”dan ayrılaraq “Ternana”ya üz tutub. 20 yaşlı argentinalı futbolçu A Seriyası klubunda mövsümün geridə qalan hissəsində cəmi 4 oyuna çıxıb. O, daha öncə “Kalyari”də də icarədə olub. Amma gənc müdafiəçi “İnter”in əsas komandasında debüt şansı qazannmayıb. Karboni vaxtilə İtaliyanın U-18 yığmasında oynayıb, 2022-ci ildən isə Argentinanın U-20 millisin dəvət alır.
Daniel Maldiniylə vaxtından öncə vidalaşmalı olan “Empoli” də onun əvəzində “Spetsiya”nın yarımmüdafiəçisi Şimon Jurkovskini heyətinə qatıb. Polşadan olan 26 yaşlı mərkəz yarımmüdafiəçisi satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Polşa yığmasının üzvü 2020-2022-ci illər aralığında da “Empoli”də icarədə olub, bu komandada 69 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Jurkovski 2023-cü ilin yanvarından formasını geyindiyi “Spetsiya”da cəmi 28 oyuna çıxıb və 1 assistlə yadda qalıb. İtaliyada “Fiorentina”nın da formasını geyinmiş Şimon, Polşa yığmasında 7 matç keçirib, fərqlənə bilməyib.


