İtaliyanın “Palermo” klubunun Bosniya və Herseqovinadan olan mərkəz yarımmüdafiəçisi Dario Şariç “Antalyaspor”a keçib.
Arena.az xbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 26 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Dario Şariç İtaliyada dünyaya göz açıb. O, ötən ildən formasını geyindiyi “Palermo”da 30 oyuna çıxıb, 1 assist müəllifi olub. Bosniyalı yarımmüdafiəçi daha öncə “Askoli”, “Karpi”, “Syena”, “Virtus Kastelfranko” kimi klublarda da forma geyinib. O, Bosniya və Herseqovina yığmasında da 1 oyun keçirib.
“Antalyapor” İsrailin “Hapoel” (Beer Şeva) klubunun sağ cinah müdafiəçisi Saqiv Yehezkel və hücumameyilli yarımmüdafiəçisi Ramzi Safurini də heyətinə qatıb. Türkiyə klubu Saqivə görə 850 min, Ramziyə görə 250 min avro ödəyib. Yehezkel Antalya təmsilçisi ilə 3, Safuri 2+1 illik müqavilə bağlayıb.
Saqiv Yehezkel İsrail yığmasında da 7 oyun keçirib. 28 yaşlı futbolçu “Hapoel” (Təl-Əviv), “İroni Kiryat Şmona”, “Bney Yehuda”, “Aşdod” kimi klublarda da forma geyinib.
Ramzi Safuri də İsrail yığmasının üzvüdür. 27 yaşlı futbolçu millidə 9 oyun keçirib. O, karyerası ərzində “Hapoel” (Təl-Əviv), “Bney Saxnin”, “Hapoel” (Aşkelon), “Makkabi” (Netanya), “Aşdod” kimi klubların uğurları üçün çalışıb.
“Antalyaspor” Anqola yığmasının da üzvü olan Fredini (Alfredo Kulembe Ribeyro) isə “Eyüpspor”a satıb. 33 yaşlı forvardın satışı Antalya klubuna 300 min avro qazandırıb. Təcrübəli hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Fredi 2019-cu ildən formasını geyindiyi “Antalyaspor”da 153 oyuna çıxıb, 23 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. O, “Belenenseş”, “Ekselsior” (Rotterdam), “Rekreativo”, B-SAD, “Libolo” kimi komandalarda da oynayıb. Anqola yığmasında 40 oyun keçirmiş forvard 2 qol vurub.