Datro Fofana “Union Berlin”də – Rəsmi

Almaniyanın “Union Berlin” klubu “Çelsi”nin 20 yaşlı ivuarlı hücumçusu Datro Fofana ilə bir mövsümlük icarə müqaviləsi imzalayıb.

Arena.az bu barədə Bundesliqa klubunun rəsmi saytına istinadən məlumat verir.

Datro Fofana “Çelsi”yə bu ilin qışında Norveçin “Mölde” klubundan keçib. “Zadəganlar” həmin vaxt onun üçün 12 milyon avro ödəmişdilər. Amma Fofana geridə qalan mövsümdə “Çelsi”nin heyətində cəmi 4 oyunda iştirak edib.

“Mölde” Fofananın karyerasında ilk Avropa klubu olub və hücumçu Norveç çempionatının, həmçinin Norveç kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı Datro Fofananı 10 milyon avro məbləğində qiymətləndirir.

“Union Berlin” 2022/2023 mövsümünün nəticələrinə görə Bundesliqanı dördüncü yerdə bitirib və qarşıdakı mövsümdə UEFA Çempionlar Liqasında çıxış edəcək. “Çelsi”yə gəlincə, Premyer Liqanı 12-ci pillədə başa vurmuş “zadəganlar” avrokubokları kənarda tamaşaçı qismində izləyəcəklər.

Yeri gəlmişkən, Bundesliqa təmsilçisi İngiltərənin digər klubu “Lids”dən də hücumameyilli yarımmüdafiəçi Brenden Aronsonu da icarəyə götürüb. ABŞ millisinin də üzvü olan futbolçu 2024-cü ilin 30 iyununa qədər Almaniya klubunun uğurları üçün çalışacaq. Millidə 32 oyuna 7 qol vurmuş Aronson 2022-ci ildən formasını geyindiyi “Lids”də də 40 oyuna 1 qol və 3 assistlə yadda qalıb.

“Union Berlin”in qapıçısı Lennart Qrill isə “Osnabrük” klubuna icarəyə verilib. 24 yaşlı alman futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə çıxış edəcək. O, 2022-ci ilin iyulunda transfer olunduğu Berlin klubunda cəmi 8 matça çıxıb, 13 qol buraxıb. Qapıçının hesabında 4 “quru” matç da var. O, “Kayzerslautern”, “Brann”, “Bayer” kimi klublarda da forma geyinib.

“Union Berlin” yaponiyalı yarımmüdafiəçisi Keyta Endonu da Braunşveyq “Ayntraxt”ına icarəyə verib. Yaponiyadan olan 24 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcək. O, 2020-ci ildən Almaniya klubunun uğurları üçün çalışırdı. Yaponiya yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi, daha öncə “Yokohama”da da forma geyinib. Berlin klubu Endonu ötən mövsüm də məhz “Ayntraxt”a icarəyə vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: