David de Xea “Fiorentina”ya qoşuldu

“Mançester Yunayted”in ispan keçmiş qapıçısı David de Xea bir illik futbolsuz həyayına son verərək, “Fiorentina”ya qoşulub.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Azad agent olan De Xea “bənövşələr”lə 1 illik – müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

De Xea tibbi müayinədən keçib və daha əvvəl mətbuatda, ispan qapıçının müqavləsinin daha bir il müddətinə uzadılmasının mümkünlüü haqda məlumat yayılıb. De Xeanın maaşının illik 3 milyon avro məbləğində olacağı bildirilir.

David De Xea “Mançester Yunayted”dən ötən yay ayrılıb. İspan qapıçı maaşının azaldılması şərti ilə də “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa razı idi, amma o vaxt “Mançester Yunayted” rəhbərliyi De Xea ilə müqaviləsini yeniləmək istəməmişdi.

De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.

İspaniya yığmasında 45 oyun keçirmiş De Xea “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.

“Fiorentina”da beş ayrılıq

“Fiorentina” bir neçə oyunçusu ilə də yollarını ayırıb. Anqolalı hücumçu M’Bala Nzola Fransanın “Lans” klubuna icarəyə verilib. Liqa 1 təmsilçisi 27 yaşlı forvardı satınalma şərti ilə növbəti mövsümün sonuna kimi icarəyə götürüb. “Fiorentina”ya 2023-cü ilin yayında “Spetsiya”dan 12,6 milyon avro müqabilində keçən hücumçu, Florensiya klubunun heyətində 47 oyuna çıxıb, 7 qol və 5 assistlə yadda qalıb.

Yarımmüdafiəçi Lorenso Amatuççi “Salernitana”ya icarəyə verilib. 20 yaşlı italyan futbolçu ötən mövsümü də “Ternana”da icarədə keçirib. Florensiya klubunun öz yetirməsi olan Amatuççi, əsas komandada cəmi 2 oyuna çıxıb.

Lorenso Luççezi də “Venesiya”ya icarəyə verilib. 21 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Ötən mövsümü “Ternana”da icarədə keçirmiş italyan futbolçu yetirməsi olduğu “Fiorentina”nın əsas komandasında forma geyinməyib.

“Fiorentina”nın mərkəz yarımmüdafiəçisi Cakomo Bonaventura isə azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna keçib. 34 yaşlı italyan futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Bonaventura “Fiorentina”ya 2020-ci ildə “Milan”dan keçmişdi. Təcrübəli yarımmüdafiəçi Florensiya klubunun heyətində 162 oyuna çıxıb, 22 qol və 22 assistlə yadda qalıb. O, “Milan”, “Atalanta”, “Padova” və “Perqokrema”da da oynayıb. İtaliya yığmasında 18 oyun keçirmiş futbolçu, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

“Fiorentina” rumıniyalı hücumçusu Luis Muntyanunu da ÇFR klubuna satıb. Kluj təmsilçisi bu transferə görə İtaliya klubuna 2,3 milyon avro ödəyib. 2020-ci ilin sentyabrından “Fiorentina”da olan Muntyanu, bu klubun əsas komandasının heyətində bircə oyun da keçirməyib.