David De Xea “Mançester Yunayted”ə gərək olmadı

Futbol üzrə İspaniya millisinin də üzvü olan qapıçı David de Xea İngiltərənin “Mançester Yunayted” klubunu tərk edə bilər.

Arena.az xəbər verir ki, onun Mançester təmsilçisindəki gələcəyi sual altındadır.

Belə ki, “Mançester Yunayted”in rəsmi saytında növbəti mövsümdə komandada çıxışını davam etdirəcək futbolçuların siyahısı dərc edilib. Lakin həmin siyahıda ispan qapıçının adı yoxdur.

David de Xeanın “qırmızı şeytanlar”la cari müqaviləsi iyunun sonunda başa çatacaq. Klub ispan qapıçı ilə əməkdaşlığın uzadılması üçün danışıqları davam etdirdiyini açıqlayıb.

De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. Qapıçı əvvəllər yalnız Madrid “Atletiko”sunda çıxış edib.

32 yaşlı David De Xea 2022/2023 mövsümündə “Mançester Yunayted”in heyətində 58 oyuna çıxıb, 61 qol buraxıb, 25 dəfə qapısını “quru” saxlamağı bacarıb və Premyer Liqanın “bürünc”ünü qazanıb.

De Xea 2013-cü ildə İngiltərə Premyer Liqasının qalibi olub.

Ümumiyyətlə, De Xea “qırmızı şeytanlar”la səkkiz kubok qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: