Futbol üzrə Kolumbiya yığmasının qapıçısı David Ospina İtaliyanın “Napoli” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı qolkiper bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Təcrübəli qapıçı “Əl-Nəssr”lə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
David Ospina 2019-cu ildən “Napoli”də çıxış edirdi. O, Neapol təmsilçisində keçirdiyi 4 mövsüm ərzində 103 matça çıxıb. Təcrübəli qapıçı daha öncə “Atletiko Nasional”, “Nitsa” və “Arsenal” klublarının formasını geyinib. Ospina Kolumbiya milli komandasında da 124 oyun keçirib.


