Bu gün Avropa zonasından DÇ-2022–yə sonuncu vəsiqənin sahibi bəlli olub. Arena.az xəbər verir ki, bu, Uels və Ukrayna milli komandaları arasında baş tutan pley-off mərhələsinin final oyununda müəyyənləşib.
Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda baş tutan qarşılaşmanı ispaniyalı FİFA referisi Mateu Laos idarə edib. Oyunun taleyini bir qol həll edib. Matçın 34-cü dəqiqəsində meydan sahiblərinin kapitanı Qaret Beylin yerinə yetirdiyi cərimə zərbəsi zamanı ukraynalıların kapitanı Andrey Yarmolenko topu öz qapısına göndərib. Beləcə, Robert Peycin baş məşqçi olduğu Uels yığması minimal hesabla qalib gələrək mundiala vəsiqə qazanıb.
Xatırladaq ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yığması bir neçə gün öncə baş tutan yarımfinal matçında Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.
Dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Uels millisi mundialın B qrupunda, İngiltərə, İran və ABŞ yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Sonda onu da xatırladaq ki, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.
DÇ-2022
Pley-off mərhələsi, final
5 iyun
Uels – Ukrayna 1:0
Qol: Andrey Yarmolenko, 34-öz qapısına.
Baş hakim: Mateu Laos (İspaniya).
Kardiff. “Kardiff Siti” stadionu.
DÇ-nin 32 iştirakçısından 30-u məlumdur
Beləliklə, Qətərdə keçiriləcək dünya çempionatının 32 iştirakçısından 30-u artıq məlumdur. Postsovet məkanından heç bir yığma komanda bu hüquqa nail ola bilməyib. Əvəzində Avropa zonasından İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels milliləri DÇ-2022-yə yollanacaq.
Digər qitələrdən isə vəsiqələrə aşağıdakı ölkələr sahib çıxıb:
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay
Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis
Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya
Şimali Amerika: Kanada, ABŞ, Meksika
Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika – Yeni Zelandiya cütünün qalibi olacaq. Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək. Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.


