DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında sonuncu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, səfərdə Boliviyaya 4 cavabsız qolla qalib gələn Braziliya millisi 45 xalla qrupda 1-ci yeri tutub. “Sambaçılar” Argentina ilə yarımçıq qalan matçın nəticəsindən asılı olmayaraq liderliyi təmin edib.İkinci yerlə mundiala yollanan Argentina yığması isə Ekvadorla qarşılaşmada 1:1 hesablı heç-heçə edib.
Paraqvaya qalib gələn (2:0) Peru 5-ci yerin sahibi kimi mundial şansını saxlayıb.
Beləliklə, Cənubi Amerika zonasından Argentina, Braziliya, Ekvador və Uruqvay DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Peru isə mundiala getmək üçün Asiya 5-cisi (Birləşmiş Ərəb Əmirlikləri – Avstraliya görüşünün qalibi) ilə qitələrarası pley-off matçına çıxacaq.
Dünya çempionatı 21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək. Hazırda mundialın 32 iştirakçısından 27-si müəyyənləşib. Dünya çempionatında oynamaq hüququ qazanan bütün milli komandaların siyahısı belədir:
Avropa: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə;
Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay;
Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis;
Asiya: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya;
Şimali Amerika: Kanada.
Daha 5 iştirakçıdan ən sonuncusu iyun ayında müəyyənləşəcək. DÇ-nin püşkatması isə aprelin 1-də keçiriləcək.
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsi
18-ci tur
30 mart
Boliviya – Braziliya – 0:4
Qollar: Paketa, 24, Riçarilson, 45; 90+1. Gimaraynş, 66.
Çili – Uruqvay – 0:2
Qollar: Suares, 79. Valverde, 90.
Ekvador – Argentina – 1:1
Qollar: Valensiya, 90+3 – Alvares, 24.
Peru – Paraqvay – 2:0
Qollar: Lapadula, 5. Yotun, 42.
Venesuela – Kolumbiya – 0:1
Qol: Hames, 45+4-pen.
Xal durumu: Braziliya – 45, Argentina – 39, Uruqvay – 28, Ekvador – 26, Peru – 24, Kolumbiya – 23, Çili – 19, Paraqvay – 16, Boliviya – 15, Venesuela – 10.


