DÇ-2022: Pley-offun püşkü atıldı, Türkiyənin rəqibi bəlli oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdən öncə komandalar iki səbətə bölünmüşdü.

10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer almışdı. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşmışdı.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşmüşdü. Rusiya və Ukrayna yığmaları isə siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzdilər.

Püşk nəticəsində pley-off iştirakçıları üç “dördlük” təşkil edib. C yolunda yer alan Türkiyə millisi Portuqaliyaya rəqib olub. İtaliya yığması isə ilk sınağında Şimali Makedoniya ilə qarşılaşacaq.

Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci ilin 24-25 martında, final matçları isə 28-29 martda baş tutacaq.

Xatırladaq ki, daha öncə Avropa zonası üzrə seçmə mərhələni qrup qalibi kimi başa vurmuş Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə və Niderland yığmaları mundiala vəsiqə qazanıb. Avropadan dünya çempionatına bütövlükdə 13 milli komanda qatılacaq.

DÇ-2022-nin pley-off mərhələsi

A yolu

Yarımfinal

  1. Şotlandiya – Ukrayna
  2. Uels – Avstriya

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu

Yarımfinal

  1. Rusiya – Polşa
  2. İsveç – Çexiya

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

C yolu

Yarımfinal

  1. İtaliya – Şimali Makedoniya
  2. Portuqaliya – Türkiyə

Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

Xəbəri sosial şəbəkələrdə paylaş: