İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “Barselona”nın və millinin 17 yaşlı yeniyetmə hücumçusu Lamin Yamal haqda danışıb.
Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Onu meydana ayaqları bağlı çıxarsan belə, o, bunun öhdəsindən gələcək. Lamin çox yaxşı oyunçudur. 17 yaşında o, əslində olduğundan daha yetkin görünür. Belə oyunçular çox səy göstərmədən inanılmaz işlər görürlər”, deyə De la Fuente bildirib.
Yeri gəlmişkən, Lamin Yamal İspaniya La Liqasının 9-cu turunun “Alaves”lə oyununda (3:0) 67-ci dəqiqədə əvəzləndikdən sonra, ehtiyat oyunçular skamyasında oturan zaman yaşadığı qəzəbindən doğan duyğularını paylaşıb. İspaniyalı futbolçunun bu barədə fikrini təqdim edirik:
“Oyunumdan narazı qalmışdım. Daha yaxşısını edə biləcəyimi düşünürdüm. Özümdən daha artığını tələb edirəm. Qəzəbim isə əvəzlənməyimlə bağlı deyildi”.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 11 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 62 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


