“Napoli”nin prezidenti Aurelio De Laurentis komandasının ÇL-in 1/8 finalında “Barselona” ilə cavab oyunu ərəfəsində mükafat vəd edib.
Arena.az “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir ki, italyan iş adamı “Napoli” futbolçularına “Barselona”nı səfərdə məğlub edəcəkləri halda 10 milyon avro məbləğində peşkəş verəcək.
Bu üsulla De Laurentis çətin Barselona səfəri ərəfəsində komandasını ilhamlandırmaq niyyətindədir.
Vurğulayaq ki, “Napoli”nin prezidenti İtaliyada “kişi verdiyi sözünün ağasıdır” kimi tanınır.
Xatırladaq ki, Neapolda keçirilmiş ilk oyundan komandalar 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Həmçinin bildirilir ki, De Laurentisin məqsədi “Napoli”nin 2025-ci ildə ABŞ-da keçiriləcək FIFA Klub Dünya Kubokunda iştirak etməsidir. Turnir təkcə seçmə mərhələ üçün təxminən 50 milyon avro məbləğində pul mükafatına və nəticə ilə bağlı digər ödənişlərə zəmanət verəcək. Bu yarışa vəsiqə əldə etmək üçün isə cari Çempionlar Liqasını qazanmaq lazımdır.
Komandalar arasında cavab oyunu martın 12-də Barselonanın “Olimpik Lyuis Kompanis” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


