“Barselona”nın idman direktoru Deku bildirib ki, “blauqrana”nın baş məşqçisi Xavi cari mövsümün sonunda klubu tərk etmək qərarına sadiqdir.
Arena.az Dekunun bu barədə sözlərini təqdim edir:
“Hər oyundan əvvəl məndən Xavinin fikrini dəyişib-dəyişmədiyini soruşurlar. Bu baş versə, bizə deyəcək. O, bizim üçün mükəmməl məşqçidir. O, həmişə nikbindir, heç vaxt şikayət etmir, klubun hansı çətinliklərlə üzləşdiyini bilir. Onun “Barselona”nı bərpa etdiyini tarix sübut edəcək”.
Deku onu da bildirib ki, Kataloniya təmsilçisi hələ heç bir məşqçiyə komandanı çalışdırmaq təklifi ünvanlamayıb:
“Qərar hələ verilməyib, biz işin içindəyik. Əlbəttə, Luis Enrikeni bəyənirəm, o, yüksək səviyyəli məşqçidir. Xosep Qvardiola da, Yurgen Klopp da. Amma bu mütəxəssislər əlçatan deyillər. Eynilə Mikel Arteta, Andoni İraola və Serjio Konseysao da həmçinin. Biz onlarla ümumiyyətlə danışmamışıq və onların adını çəkməyin mənası yoxdur. İndiyədək heç bir çalışdırıcı ilə əlaqə saxlamamışıq”.
Xavi “Barselona”nı 2021-ci ilin noyabr ayından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Xavi 2023/2024 mövsümünün başa çatması ilə “Barselona”dan ayrılmağa qərar verib. Klub və ispan mütəxəssis bu qərarı bu ilin yanvar ayında rəsmən açıqlayıblar. Bu üzdən də Kataloniya klubu uyğun məşqçi axtarışındadır.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, sözügedən komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
2022/2023 mövsümündə Xavi Ernandes “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
“Barselona” Xavinin rəhbərliyi altında indiyə qədər 132 oyuna çıxıb. Bu görüşlərdə 83 qələbə qazanmış Kataloniya təmsilçisi 23 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.
“Barselona” bu mövsüm İspaniya La Liqasında 27 oyuna topladığı 58 xalla 3-cü pillədə qərarlaşıb. Xavinin komandası 66 xala malik lider “Real”dan və 59 xalla ikinci pillədə qərarlaşmış “Jirona”dan geri qalır.


