Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin hücumçusu Denzel Jubitana Surinam milli komandasına dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçunun komandası Mərkəzi Amerika zonasının Millətlər Liqasında oyunlar keçirəcək. Surinam yığması Honduras (26 sentyabr), Martinika (29 sentyabr) və Qvatemala milliləri ilə (3, 6 oktyabr) qarşılaşacaq.
Qeyd edək ki, Denzel Jubitana bu il avqustun 28-də “Neftçi”yə qoşulub. 27 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, “ağ-qaralar”ın heyətində cəmi 1 rəsmi matçda meydana çıxıb.
Əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq, hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.
Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.


