Desabr: “Konqolularla qürur duyuruq”

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr Özbəkistan yığmasına qarşı keçirdikləri oyunun şərh edib.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin son turunda Özbəkistan üzərində qazanılan 3:1 hesablı qələbə sayəsində pley-offa yüksəlib.

Desabr bu oyunda komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb:

“Futbolçuları təbrik etməliyik, çünki bu uğurun əsas memarları məhz onlardır. Biz qol buraxdıqdan sonra necə reaksiya verməyi və mübarizəni davam etdirməyi bacaran komandayıq.

Bu gün bir qədər daha hücumameyilli çıxış etdik və hamının bizim qol vurmağa qadir olduğumuzu görməsinə şadam. Bu, çox sevindiricidir. Məşqçilər korpusunu da təbrik etməliyəm. Biz konqolularla qürur duyuruq və onların sevincini bölüşürük”, – deyə Desabr bildirib.

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro isə komandasının dünya çempionatı ilə vidalaşmasına təəssüfləndiyini, lakin turnirin həm özü, həm də futbolçular üçün böyük təcrübə olduğunu söyləyib:

“İlk hissədə çox enerji sərf etdik. Bu günə qədər fiziki hazırlığımız yaxşı səviyyədə idi və bu oyunda da yaxşı hərəkət edirdik. Rəqib də fiziki baxımdan çox yaxşı hazırlaşmışdı.

Bilirdik ki, topa nəzarət etməsək, çətin olacaq. İlk hissəyə çox yaxşı başladıq və bir çox qol imkanları yaratdıq. Amma ikinci hissədə səhvlər etməyə başladıq və məhz buna görə qollar buraxdıq”, – deyə italiyalı mütəxəssis bildirib.

Kannavaro əlavə edib ki, dünya çempionatı gələcək üçün vacib təcrübə olub:

“Bu turnir həm mənim, həm də futbolçular üçün böyük təcrübə oldu. Düşünürəm ki, bu, gələcəkdə bizə əlavə motivasiya verəcək. Əlbəttə, oyunçularla çox danışmışam. Bilirdik ki, qrupumuzda güclü rəqiblərlə qarşılaşacağıq, amma belə nəticəyə görə təəssüflənirik.

Səhvlər etdik, lakin futbolçulardan heç birinə irad bildirmək istəmirəm. Onlar əllərindən gələni etdilər və mən onlarla qürur duyuram”, – deyə Kannavaro vurğulayıb.

Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Komanda qrup mərhələsində Kolumbiyaya (1:3), Portuqaliyaya (0:5) və Konqo Demokratik Respublikasına (1:3) məğlub olaraq turnirlə vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: