İspaniyanın “Atletiko” klubu baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisinə başçılıq edir. O, bu müddətdə komandanı 527 rəsmi matça çıxarıb. “Atletiko” bu oyunlardan 316-da qələbə qazanıb, 124 heç-heçəyə razılaşıb, 87 görüşdə məğlubiyyətlə üzləşib.
Dieqo Simeone “Atletiko”nu iki dəfə İspaniya çempionu edib. Komanda bu uğurlara 2013/14 və 2020/21 mövsümlərində nail olub. Paytaxt təmsilçisi 2012/13 mövsümündə İspaniya kubokunun, 2014-cü ildə superkubokun qalibi olub. 51 yaşlı mütəxəssis “Atletiko”ya avrokuboklarda da ciddi uğurlar qazandırıb. Belə ki, madridlilər 2011/12 və 2017/18 mövsümlərində Avropa Liqasının qalibi olublar, 2012 və 2018-ci illərdə UEFA superkubokunu qazanıblar. Simeoneli “Atletiko” 2013/14 və 2015/16 mövsümlərində UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, həlledici oyunlarda məğlub olub.



