“Napoli”nin keçmiş futbolçusu Andrea Dossena Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte ilə bağlı maraqlı açıqlama verib.
Dossena belə bir qənaətdədir ki, “eşşəkciklər”in italyan çalışdırıcısı 15 il öncə Neapol komandasının sükanı arxasına keçməyə razılıq verməzdi.
Arena.az keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:
“Bu gün “Napoli” daha da vacib və yüksək məqama malik klub olub. Bir 15 il qabaq, Konte “Napoli”ni çalışdırmağa razılıq verməzdi”, deyə Dossena vurğulayıb.
Antonio Konte 2024-cü ilin iyul ayından “Napoli”yə rəhbərlik edir. Neapol təmsilçisinin Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Rəhbərliyi müddətində Konte “eşşəkciklər”i 46 oyuna çıxarıb, 30 qələbə, 10 heç-heçə, 6 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 78:38 nisbətindədir.
Kontenin “Napoli”si İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünü 82 xalla yarış cədvəlininin zirvəsində çempion olaraq tamamlayıb. Cari mövsümdə isə Neapol təmsilçisi keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və 12 xalla A Seriyasının vahid lideridir.
Konte daha öncə “Arezzo”, “Bari”, “Atalanta”, “Syena”, “Yuventus”, “Çelsi”, “İnter”, “Tottenhem” klublarında və İtaliya millisində də baş məşqçi kimi çalışıb.


