Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunmuş ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) mübarizə aparır.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Artıq millimizin daha bir üzvü – Əli Şükürlü də mübarizəyə qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 350 kq (157+193) nəticə göstərib. Bu nəticə ilə o, dünya çempionatında 26-cı yeri tutub.
Xatırladaq ki, əvvəlki günlərdə millimizin üzvlərindən Nazilə İsmayılova (49 kq), Günel Vəliyeva (76 kq), İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) da DÇ-də medalsız qalmışdı.
Yığmamız bu yarışa bütövlükdə 6 atletlə qatılıb. Növbəti günlərdə Dadaş Dadaşbəyli (109 kq) də mundialda qüvvəsini sınayacaq.
Sentyabrın 4-də başlamış Ər-Riyaddakı dünya çempionatı ayın 17-də yekunlaşacaq.


