Dünya çempionatı: Cavid Cavadov üçüncü oldu

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. Arena.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Hacı Kərimov dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/4 finalda Gürcüstan idmançısına uduzub.

Cavid Cavadov 1/8 finalda qazax həmkarıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Cavid iyulun 20-də təsəlliverici görüşə çıxıb və gürcü güləşçiyə qalib gəlib. Son qarşılaşmada Hindistan pəhləvanından güclü olan Cavadov bürünc medalı boynundan asıb.

Ağanəzər Novruzov startda Çexya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan Ağanəzər ümidini bürünc medala bağlayıb. Ancaq Rusiya idmançısına da yenilən Novruzov 5-ci yerlə kifayətlənib.

Səttərxan Allahverdili debütdə rumıniyalı rəqibini “tuşe” ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq 1/4 finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və Səttərxan üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb. Allahverdili iyulun 20-də təsəlliverici görüşdə bolqar həmkarından güclü olub. Ancaq həlledici qarşılaşmada gürcü rəqibinə uduzaraq fəxri kürsünün bir addımlığında qalıb.

Azay İsmayılov ilk görüşdə Türkiyə idmançısına məğlub olub.

48 kq
1/8 final: Hacı Kərimov – Vitali Qonçar (Ukrayna) 7:1
1/4 final: Hacı Kərimov – Rezo Marsaqişvili (Gürcüstan) 0:10

55 kq
1/8 final: Cavid Cavadov – Abdinur Nurlanbek (Qazaxıstan) 0:10
Təsəlliverici görüş: Cavid Cavadov – Luka Qvinjilia (Gürcüstan) 9:7
Bürünc medal görüşü: Cavid Cavadov – Vaibhav Narayan Patil (Hindistan) 7:5

65 kq
1/8 final: Ağanəzər Novruzov – Samuel Bistron (Çexiya) 10:0
1/4 final: Ağanəzər Novruzov – Patrik Tot (Macarıstan) 10:0
1/2 final: Ağanəzər Novruzov – Meyer Şapiro (ABŞ) 0:10
Bürünc medal görüşü: Ağanəzər Novruzov – Xabib Zavurbekov (Rusiya) 2:10

80 kq
Təsnifat: Səttərxan Allahverdili – Denis Kirika (Rumıniya) 6:0 (tuşe)
1/8 final: Səttərxan Allahverdili – Murat Doğan (Türkiyə) 8:4
1/4 final: Səttərxan Allahverdili – Saqar Jaqlan (Hindistan) 4:12
Təsəlliverici görüş: Səttərxan Allahverdili – Radomir Stoyanov (Bolqarıstan) 7:4
Bürünc medal görüşü: Səttərxan Allahverdili – Tornike Samxaradze (Gürcüstan) 2:4

110 kq
1/8 final: Azay İsmayılov – Hakan Büyükçınqıl (Türkiyə) 1:11