Dünya çempionatı: Daha 3 taekvondoçumuz medalsız qaldı

Azərbaycanın paytaxtında, Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə sayca 26-cı dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı mundialda qüvvəsini sınayıb.

80 kq çəkidə mübarizə aparan Əliəskər Əliyev 1/16 finalda Ababakar Soumareni (Seneqal) sınağa çəkib. Döyüş taekvondoçumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Əliəskər Əliyev 1/8 finala yüksəlib. Amma o, növbəti sınağında Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.

Taleh Süleymanov (87 kq) da 1/16 finalda Manuel Polleti (Belçika) 2:0 hesabı ilə məğlub edib. Amma o, 1/8 finalda amerikalı Maykl Rodrigeslə bacarmayıb.

Qadınların yarışında isə Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb. 49 kq-da yarışan idmançımız 1/16 finalda Çina Murakamini (Yaponiya) mübarizədən kənarlaşdırıb. Abakarova 2:1 hesabı ilə qələbə qazanıb. Lakin 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə görüş uğursuz alınıb.

Beləcə, Azərbaycan taekvondoçuları üçün doğma divarlar arasında baş tutan bu mundialdakı fiasko davam edir. Daha öncə Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq) və Fəridə Əzizova (67 kq) da mübarizəni erkən dayandırmışdı.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən dünya çempionatı “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edir.

Qarşıdakı günlərdə millimizin digər üzvləri Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.