Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə 3 güləşçimiz mübarizəyə qoşulmuşdu. Bu gün həmin çəki dərəcələri üzrə medal görüşləri baş tutub.
Alyona Kolesnik (59 kq) ötən gün monqolustanlı Bolortuya Xurelxuya 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda çinli Qi Janqa “tuş”la məğlub olmuşdu. Təmsilçimiz bu gün baş tutan təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə “tuş”la uduzub və 5-ci yeri tutub.
Maqomedxan Maqomedov (97 kq) dünən əvvəlcə serbiyalı Strahinya Despiçə heç bir şans tanımamışdı – 7:0. Yığma üzvü türkiyəli İbrahim Çiftçini də 4:0 hesabıyla üstələyərək adını 1/4 finala yazdırmışdı. Bu mərhələdə almaniyalı Erik Tileyə “tuş”la qalib gələn Maqomedov yarımfinala adlamışdı. Maqomedxan son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də revanş almışdı – 6:1.
Beləliklə, dünya çempionatının finalına yüksələn Maqomedov Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olmuşdu.
Təmsilçimiz bu gün baş tutan həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşıb və rəqibinə “tuş”la uduzaraq gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Belqraddakı dünya çempionatı sentyabrın 24-nə qədər davam edəcək. Azərbaycan yığmaları mundiala 26 güləşçi ilə yollanıblar. l-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev də mundialda ədaləti qoruyanlar arasında yer alıblar.


