Dünya çempionatı: Fərid Sadıxlı ikinci oldu

İordaniyanın paytaxtı Amman şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 5-ci günündə yunan-Roma güləşçilərimiz mübarizəyə start vermişdilər. Bu gün artıq ilk qaliblər də müəyyənləşib.

Fərid Sadıxlı (55 kq) ötən gün macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlmişdi. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olmuşdu – 5:1. Sadıxlı yarımfinalda iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salmışdı – 9:0. Fərid bu gün finalda qazaxıstanlı İsxar Kurbayevə 1:5 hesabıyla məğlub olub. Nəticədə o, dünya çempionatında gümüş medal qazanıb.

Digər güləşçilərimizdən Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olmuşdu. Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzmuşdu – 0:2. Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olmuşdu. Məzaim Mərdanov (130 kq) isə ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməmişdi – 0:9.

Bu gün sərbəst güləş üzrə daha 4 çəki dərəcəsində mübarizəyə start verilib. Mübarizəyə təsnifat mərhələsində başlayan Kənan Abdullazadə (67 kq) hindistanlı Umeş Umeşə 4:2 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib. Lakin o, bu mərhələdə misirli Mustafa Alameldinə 5:7 hesabıyla uduzub.

Ruslan Nurullayev (72 kq) 1/8 finalda iranlı Seyidməhəmmədmehdi Miriyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

İsmayıl Rzayev (82 kq) 1/8 finalda ukraynalı İvan Xmirə 1:6 hesabıyla məğlub olub.

İlkin Qurbanov (60 kq) isə 1/8 finalda ermənistanlı Suren Ağayanyana “tuş”la uduzub.

Dünya çempionatı sabah – avqustun 20-də baş açacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: