Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb.
Arena.az xəbər verir ki, ilk gündə sərbəst güləş üzrə Azərbaycan millisinin 5 üzvü mübarizə aparıb.
Təəssüf ki, onların hamısının çıxışını uğursuz alınıb.
61 kq-da çıxış edən Ceyhun Allahverdiyev türkiyəli Emre Kurala 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Tairbek Jumasbekə məğlub olub – 5:8.
74 kq-da mübarizə aparan Cəbrayıl Qadjiyev 1/8 finalda hindistanlı Navin Navinə uduzub – 3:5.
Arseni Djioyev (86 kq) debütdə ermənistanlı Muşeq Mkrtçyana heç bir şans tanımayıb – 10:0. Ancaq o, 1/4 finalda rusiyalı Arslan Baqayevlə bacarmayıb – 0:6.
92 kq-da yarışan Abdulcəlil Şabanov startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 4:1. Həmyerlimiz 1/4 finalda moldovalı Yon Demyana məğlub olub – 2:12.
125 kq-da çıxış edən Vaxit Qalayev 1/8 finalda kanadalı Karanvir Mahili mübarizədən kənarlaşdırıb – 4:0. Ancaq yarımfinal yolunda o, türkiyəli Adil Mısırcıya uduzub – 0:11.
Təmsilçilərimizin rəqibləri finala yüksəlsələr, güləşçilərimiz sabah təsəlliverici görüşdə iştirak hüququ qazanacaqlar.
Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edəcək. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.


