İordaniyanın paytaxtı Amman şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı sona çatıb.
Arena.az xəbər verir ki, həftəsonu son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
İlkin Qurbanov (60 kq) ötən gün debütdə ermənistanlı Suren Ağayanyana “tuş”la məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Qurbanov bu gün əvvəlcə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gəlib. İlkin daha sonra gürcüstanlı Anri Xozrevanidzeylə gərgin keçən qarşılaşmada sevinən tərəf olub – 4:2. Həmyerlimiz qırğızıstanlı Emirlan Duişenaliyevi də 3:1 hesabıyla üstələyərək dünya çempionatının bürünc medalını qazanıb.
Kənan Abdullazadə (67 kq) ötən gün ilk mərhələdə hindistanlı Umeş Umeşə 4:2 hesabıyla qalib gəlsə də, misirli Mustafa Alameldinə uduzmuşdu – 5:7. Rəqibin finaladək irəliləməsi güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı vermişdi. Abdullazadə bu gün baş tutan ilk təsəlliverici görüşdə xorvatiyalı Luka İvançiçi vaxtından əvvəl (9:0) xalçadan məyus yola salıb. Lakin o, növbəti qarşılaşmada türkiyəli Azat Sarıyara minimal fərqlə (4:5) məğlub olub.
Ruslan Nurullayev (72 kq) 1/8 finalda iranlı Seyidməhəmmədmehdi Miriyə sonuncu xal prinsipinə əsasən (1:1) uduzub.
İsmayıl Rzayev (82 kq) startda ukraynalı İvan Xmirlə bacarmayıb – 1:6.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Fərid Sadıxlı (55 kq) da dünya ikincisi olmuşdu.


