Dünya çempionatı: Ömər Cavadov da uğursuz oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunmuş ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) mübarizə aparır.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Bu gün isə millimizin daha bir üzvü – Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 145 kq-ın öhdəsindən gələ bilməyib. Bu üzdən də o, yarışı nəticəsiz başa vurub.

Xatırladaq ki, əvvəlki günlərdə millimizin üzvlərindən Nazilə İsmayılova (49 kq) və İsa Rüstəmov (67 kq) da DÇ-də medalsız qalmışdı.

Yığmamız bu yarışa bütövlükdə 6 atletlə qatılıb. Heyətdə 2 qadın və 4 atlet yer alıb. Növbəti günlərdə Günel Vəliyeva (76 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) də mundialda qüvvəsini sınayacaqlar.

Sentyabrın 4-də başlamış Ər-Riyaddakı dünya çempionatı ayın 17-də yekunlaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: