Dünya çempionatı: Şabanov və Qalayevdən bürünc medal!

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, mundialın ikinci gündə sərbəst güləş üzrə Azərbaycan millisinin daha iki üzvü mübarizə aparıb.

Söhbət ilk gündə uğursuzluğa düçar olmuş Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayevdən (125 kq) gedir. Güləşçilərimizin məğlub olduqları rəqiblər finala qədər irəlilədiyi üçün Azərbaycan təmsilçiləri bu gün təsəlliverici görüşlərdə qüvvələrini sınayıblar.

Abdulcəlil Şabanov təsəlliverici görüşdə qazaxıstanlı Nurdaulet Bekenova vaxtından əvvəl qalib gəlib – 10:0. Həmyerlimiz bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliylə qarşılaşıb. Gürcü rəqibinə də 14:11 hesabıyla qalib gələn Şabanov U-23 dünya çempionatının bürünc medalını qazanıb.

Abdulcəlil Şabanov (92 kq) ötən gün startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olmuşdu – 4:1. Lakin həmyerlimiz 1/4 finalda moldovalı Yon Demyana məğlub olmuşdu – 2:12.

Vaxit Qalayev isə təsəlliverici görüşdə belaruslu Aleksey Parka vaxtından əvvəl qalib gəlib – 10:0. Qalayev bürünc medal uğrunda görüşdə hindistanlı Kumar Aniruyla qarşılaşıb. Bu rəqibini də tam üstünlüklə (10:0) yenən Qalayev də U-23 dünya çempionatında bürünc medal qazanıb.

Vaxit Qalayev (125 kq) də ötən gün 1/8 finalda kanadalı Karanvir Mahili mübarizədən kənarlaşdırmışdı – 4:0. Ancaq yarımfinal yolunda türkiyəli Adil Mısırcıya ilə görüş uğursuz alınmışdı – 0:11.

Xatırladaq ki, U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: