Türkiyənin İstanbul şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yarışın ikinci günündə yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlmişdi. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən də güclü olmuşdu – 5:1. Daşdəmirov bu gün həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub.
Əli Seyidəlili (51 kq) ötən gün 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün Əli bu gün təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güləşib. Lakin təəssüf ki, pəhləvanımız xalçanı məyus tərk edib – 5:9.
Roman Kərimov (60 kq) bir gün öncə hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlmişdi. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi də 9:5 hesabıyla məyus etmişdi. Kərimov bu gün həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan minimal fərqlə (4:3) qalib ayrılan Roman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mikayıl İsmayılov (92 kq) ötən gün türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırmışdı. Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabıyla məğlub olmuşdu. İsmayılov bu gün bürünc medal uğrunda görüşdə iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.
Xatırladaq ki, İstanbuldakı U-17 dünya çempionatı avqustun 6-na qədər davam edəcək. Azərbaycan yığması bu mundiala bütövlükdə 24 güləşçi ilə yollanıb.


