Türkiyənin İstanbul şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşi üzrə mübarizə start götürüb.
Səadət Quliyeva (43 kq) təsnifat mərhələsində amerikalı Morqan Törnerə, təsəlliverici görüşdə isə belaruslu Alina Majarovskayaya eyni hesabla (0:10) məğlub olub.
Günay Qurbanova (57 kq) isə 1/8 finalda norveçli Miriyam Hansenə minimal fərqlə uduzub – 4:5.
Yarışın 4-cü günündə qızlardan ibarət millimizin son 2 üzvü xalçaya çıxıb.
Ruzanna Məmmədova (53 kq) qırğızıstanlı Əzizə Şumkarova (4:0) və hindistanlı Racnita Racnitaya (4:2) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə italiyalı Fabiana Rinellaya 1:4 hesabıyla məğlub olub.
Zəhra Kərimzadə (69 kq) polşalı Paulina Kuçarjikə 5:2 hesabıyla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Ancaq o da yarımfinalın bir addımlığında serbiyalı Evelin Ujeljiyə “tuş”la məğlub olub.
Xatırladaq ki, İstanbuldakı U-17 dünya çempionatı avqustun 6-na qədər davam edəcək. Azərbaycan yığması bu mundiala bütövlükdə 24 güləşçi ilə yollanıb.


