Türkiyənin İstanbul şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, mundialın 6-cı günündə sərbəst güləş üzrə yarışda ilk qaliblər müəyyənləşib.
Mirzəağa Axundov (65 kq) ötən gün belaruslu Aleksandr Kambayevə tam üstünlüklə (16:5), moldovalı Katalin Spinuya isə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gəlmişdi. Ancaq güləşçimiz 1/4 finalda iranlı Sina Xəliliyə 2:11 hesabıyla məğlub olmuşdu. Axundov bu gün təsəlliverici görüşdə ermənistanlı Vladimir Azaryanla da bacarmayıb – 5:16.
İsmayıl Əsədli (80 kq) ötən gün 1/8 finalda ermənistanlı Razmik Yepremyana “tuş”la qalib gəlsə də, daha sonra moldovalı Aleksandru Borsa uduzmuşdu – 1:3. Əsədli bu gün təsəlliverici görüşdə macarıstanlı Adam Mijeyi mübarizədən kənarlaşdırıb – 2:0. Ancaq o, bürünc medal uğrunda qarşılaşmada amerikalı Zakari Rayderə müqavimət göstərə bilməyib – 2:12.
Yusif Dursunov (110 kq) ötən gün özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlmişdi. Avropa çempionumuz daha sonra gürcüstanlı Aleksandr Abramişviliyə də gücünü göstərmişdi – 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı da 6:2 hesabıyla üstələyərək adını finala yazdırmışdı. Dursunov bu gün həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşıb. Rəqibinə 4:2 hesabıyla qalib gələn Yusif bu il Avropa çempionluğunun ardınca dünya çempionu ünvanına da sahib çıxıb.
Xatırladaq ki, İstanbuldakı U-17 dünya çempionatı sabah – avqustun 6-da başa çatacaq. Azərbaycan yığması bu mundiala bütövlükdə 24 güləşçi ilə yollanıb.


