Türkiyənin İstanbul şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəki dərəcəsində finalçılar müəyyənləşmişdi.
Bu gün həmin çəki dərəcələrində həlledici görüşlər baş tutub.
Elnar Ziyadov (48 kq) ötən gün gürcüstanlı Yuri Çapidzeyə tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlsə də, iranlı Payam Balutakiyə 2:4 hesabıyla məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün Ziyadov bu gün təsəlliverici görüşə çıxıb və belaruslu Maksim Bradyaka heç bir şans tanımayıb – 10:0. Elnar bürünc medal uğrunda rusiyalı Murat Xatitlə gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:4.
Bu ay U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) yuxarı yaş kateqoriyasında debütü uğurlu alınmışdı. Pəhləvanımız amerikalı Vilyam Qrinvud (8:0), yunanıstanlı Atanasios Eftimiadis (8:0), moldovalı Oktavyan Kernetki (15:6) və özbəkistanlı İslambek Kərimcanovu (12:4) vaxtından əvvəl məyus edərək adını finala yazdırmışdı. Əhmədli həlledici görüşdə bu gün rusiyalı Zaur Beslekoyevlə qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan Yusif gümüş medalla kifayətlənib.
Elmin Əliyev (80 kq) ötən gün özbəkistanlı Bekmurad Rüstəmovu 3:1 hesabıyla üstələsə də, 1/4 finalda rusiyalı Mixail Şkarinə məğlub olmuşdu – 3:4. Rəqib finaladək irəlilədiyi üçün Əliyev bu gün təsəlliverici görüşdə ermənistanlı Erik Matevosyanla üz-üzə gəlib və bu görüşdə də uduzub – 4:8.
Xatırladaq ki, İstanbuldakı U-17 dünya çempionatı avqustun 6-na qədər davam edəcək. Azərbaycan yığması bu mundiala bütövlükdə 24 güləşçi ilə yollanıb.


